30 Avqust 2022

SOCAR AQŞ qazma əməliyyatlarında yenilikçilik tətbiq etməyə davam edir

SOCAR AQŞ Günəşli yatağında, dəniz platformasında “NOV TDS11 TopDrive VFD House” daxilində  “Cincoze PC Touch Panel” quraşdırmışdır. Qeyd olunan panel HMI (Human Machine Interface) sistemin yaradılmasına xidmət edir və bu da öz növbəsində TopDrive qazma qurğusunun (əsas və köməkçi elektrik mühərriklərinin) işinə real vaxt (online) rejimdə nəzarət etməyə köməklik göstərir. Eyni zamanda bu monitor avadanlığın iş prosesində aparılan əməliyyatlarını nəzarət altında saxlamağa imkan verir. HMİ sisteminin tətbiq edilməsi avadanlığa operativ xidmətin göstərilməsini təmin edir.

 

Bu ilin sonuna kimi  HMI monitora əlavə olaraq  eHAWK sisteminə inteqrasiya nəzərədə tutulur. eHAWK sistemi –NOV şirkətinin yeni layihəsidir. Bu sistem vasitəsilə istehsalçı şirkət (NOV) dünyanın istənilən nöqtəsində quraşdırılmış və hazırda istifadə olunan qazma qurğularına məsafədən 24/7/365 texniki xidmət göstərə bilir. Eyni zamanda eHAWK sistemi vasitəsilə qazma prosesi zamanı aparılan hər bir əməliyyat qeydə alınacaq və baş verə biləcək hər hansı bir xətanın səbəbini təyin etməyə imkan yaradacaqdır.

 

“eHawk-un uzaqdan dəstəyi real vaxtda baş verənlərin daha aydın görünüşünü təmin edən güclü məlumat toplama imkanı təklif edir. Bu, mühəndislərimizə qazma qurğularının performansını və ya hər hansı mümkün əlaqəli əməliyyat çatışmazlıqlarını effektiv şəkildə təyin etməyə imkan verəcək. Bütövlükdə, sistem bizə əməliyyatların təhlükəsizliyini yaxşılaşdırmağa, daha sürətli cavab müddəti və qurğuya xaricdən təmir ücün mühəndis səfərlərini azaltmaqla xərcləri azaltmağa kömək edəcək”-SOCAR AQŞ-nin Əməliyyatlara dəstək xidmətləri üzrə rəhbəri Rövşən Bayramov.