SOCAR AQŞ quyuların təhvili üzrə səmərəliliyi proqram təminatı vasitəsilə artırır

  • 10/08/2022

    SOCAR AQŞ quyuların konstruksiyası işləri və əməliyyatları daha təhlükəsiz və ən səmərəli şəkildə idarə etməyə imkan verən rəqəmsal həllər tətbiq edir.

    Şirkətimiz dünyada qazma əməliyyatlarında istifadə olunan üç ən yaxşı proqram təminatını – StressCheck, OpenWells, WellPlan (“Halliburton Landmark Həlləri”nə məxsus) əldə etmişdir.

    Gəlin proqram təminatının hər birinin təklif etdiyi üstünlüklərlə daha yaxından tanış olaq.

    StressCheck –bu proqram təminatı quyu konstruksiyasının (dizaynının) ilkin mərhələsində, konkret olaraq, quyu konstruksiyası üçün optimal kəmər və nasos kompressor borularından istifadə etməklə boru dizaynını yerinə yetirmək məqsədilə istifadə olunur.

    StressCheck-dən adətən quyu planlaması zamanı, hər hansı qazma əməliyyatına başlamazdan öncə, qoruyucu kəmərlərin yüklərə (təzyiqlərə) davam gətirəcəyinə və qazma və ya hasilat mərhələlərində hər hansı bir problemin yaşanmayacağına əmin olmaq məqsədilə qoruyucu kəmər üzərinə düşən gözlənilən bütün qazma və hasilat yüklərini (təzyiqlərini) yoxlamaq üçün istifadə olunur. Bu proqram təminatı, təyinata uyğun olan qoruyucu kəmər ilə yanaşı minimum xərc tələb edən həlləri avtomatik şəkildə təqdim edən qrafik dizayn, alət və alqoritmlərdən ibarətdir.  

    Qeyd etmək lazımdır ki, “StressCheck” təkcə quyu konstruksiyası mərhələsində deyil, həm də hesablanmış yüklərdən hər hansı mümkün kənarlaşmanın olub-olmadığını tez bir zamanda yoxlamaq üçün qazma mərhələsi zamanı da istifadə olunur.  

    Xüsusi vurğulamaq istərdik ki, proqram təminatının qısa müddətdə müxtəlif yük sxemlərinin tez, sistematik və dəqiq yoxlamaları etmək imkanı öz təsdiqini tapıb.

    OpenWells –bu proqram təminatı, buruqda aparılan əməliyyatları izləmək, onlar barəsində hesabat vermək məqsədilə qazma mühəndisləri tərəfindən istifadə olunur.  Bu proqram aparılmış əməliyyatların səmərəli şəkildə təhlil edilməsi və böyük həcmdə olan məlumatların idarə edilməsində mühəndislərimizə kömək edir.

    OpenWells eyni zamanda bir neçə quyuda qazma və tamamlama əməliyyatlarını idarə etmək və izləmək imkanına malikdir. O, məlumatların toplanmasını asanlaşdırır və manual şəkildə icra olunan və təkrarlanan iş tapşırıqlarına sərf olunan vaxtı azaltmaqla hesabatlılıq və təhlil prosesini nizama salır.

    Məlumatları asanlıqla daxil etmək və hər bir quyu üzrə əməliyyatları sadə, asan və oxunaqlı formada nümayiş etdirmək imkanını təmin etdiyinə görə OpenWells iri neft-qaz şirkətləri tərəfindən etibarlı və geniş istifadə olunan tətbiqdir. Bütün bu xüsusiyyətlər məlumatların idarə edilməsinə sərf olunan vaxta əhəmiyyətli dərəcədə qənaət etmək imkanı yaradır.

    WellPlan – bu, quyuya endirilən istənilən alət ilə bağlı əməliyyatların mühüm amillərini müəyyənləşdirmək üçün, eləcə də ciddi təhlillərin aparılmasını tələb edən mürəkkəb quyu əməliyyatları optimallaşdırmaq məqsədilə geniş istifadə olunan proqram təminatıdır.

    Bu proqram təminatı yük hesablamaları (torque and drag), hidravlik və quyu nəzarəti ilə əlaqəli simulyasiyaları yerinə yetirmək üçün istifadə olunur. WellPlan, qazma alətinin çəkisi və dartılma limiti kimi göstəricilərin hesablanması və optimallaşdırılması, habelə demək olar ki bütün əməliyyatlarda gözlənilən təzyiq səviyyəsinin proqnozlaşdırılması üçün səmərəli alətdir.

    StressCheck və WellPlan ofisdə işləyən qazma mühəndisləri tərəfindən, OpenWells isə gündəlik fəaliyyəti baş ofislə bölüşmək üçün dənizdə işləyən qazma mühəndisləri tərəfindən istifadə olunur.

    “Bizim qazma mühəndislərimiz bu proqram təminatlarını mümkün quyu yüklərinin simulyasiyası və uğurlu quyu konstruksiyası üçün düzgün avadanlığın seçilməsi məqsədilə istifadə edirlər.  Bu, təkcə vaxta və xərcə qənaət etmir, həm də quyu xidmətləri ilə bağlı riski azaldır, əməliyyatlarımızın təhlükəsizliyini, etibarlılığını və səmərəliliyini isə artırır,” SOCAR AQŞ şirkətinin qazma texnologiyası və mühəndisliyi üzrə direktoru Apparao Cherukuri deyib.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı